Əfqanıstanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

27 Noyabr, 2018

Əfqanıstanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Xeyrullah Spelenay ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Xeyrullah Spelenayı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib, müxtəlif sahələrdə, o cümlədən ticarət və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Səfir Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Diplomat etimadnaməsinin surətini nazirə təqdim edib.